xeberler.org
xeberler.org

Ziya Bünyadovun qətlindən 24 il ötür - qatil hansı sirləri açmışdı?

23-02-2021, 10:03 12 dəfə baxılıb

Ziya Bünyadovun qətlindən 24 il ötür - qatil hansı sirləri açmışdı?



Akademik Ziya Bünyadovun qətlə yetirilməsindən 24 il ötdü. Ötən müddət ərzində qətllə bağlı müxtəlif versiyalar səslənib.

Hazırda Qobustan Qapalı Həbsxanasında qətldə birbaşa iştirak etmiş şəxslərdən biri Nizami Nağıyev ömürlük məhkumluq həyatı yaşayır. Onu və Qabil Babayevi hadisə yerinə aparan Mahir Zeynalov da onunla bərabər ömürlük həbsdədir. 3 il əvvəl Qobustan Qapalı Həbsxanasında Nizami Nağıyevlə görüşüb qətlin tarixçəsi və sifarişçi ilə bağlı fikirlərini öyrənmişdik.

Kim idi Ziya Bünyadov və niyə qətlə yetirildi?

Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. Orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya yollanıb. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edərək S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib. O, 2-ci Dünya müharibəsi zamanı Ukrayna, Mozdok və Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal iştirak edib. Müharibənin sonlarına yaxın, 1945-ci il 27 fevralda Ziya Bünyadova döyüşlərdə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu - Pankovda komendantın köməkçisi vəzifəsində işləyib. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunub. 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib. 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib, həmin ilin avqustunda Bakıya qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. 1958-ci ildən 1959-cu ilə kimi Ziya Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyib. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olub. 1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb, 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olunub. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 21 aprel 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1980-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü olub, elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərib. 1982-ci ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilib. O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademik Ziya Bünyadov 1988-ci ildə “Niyə Sumqayıt?” məqaləsi ilə ermənilər tərəfindən törədilən Sumqayıt hadisələrinin əsl mahiyyətini aşkara çıxarmışdı.

Həmin məqalədən sitat: “Erməni millətçiləri Sumqayıt faciəsini dəqiqliklə hazırlamışdılar. Onun başlanmasına bir neçə saat qalmış televiziyanın erməni fotomüxbirləri və çəkiliş qrupu gizlicə şəhərə gəlib, tam hazır vəziyyətdə hadisələrinin inkişafını gözləməyə başladılar. İlk cinayəti Qriqoryan adlı şəxs törətdi. Özünü azərbaycanlı kimi qələmə verən Qriqoryan Sumqayıtda 5 ermənini öldürdü”.

Ziya Bünyadov 1990-cı ildə AMEA-nın vitse-prezidenti seçilib. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 1992-ci ildə ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilib. Ziya Bünyadov 1991-ci ildə “Gülüstani-İrəm” əsərini ön söz və şərhlərlə çap etdirib və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb. Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib. Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib. Ziya Bünyadovu qətlə yetirən dəstə barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 21 fevral 2001-ci il tarixli hökm çıxarıb. Hökmə görə, dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər.

Yığıncaqda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib və akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı qurulub, dəstə üzvlərinin hər birinin rolu öz aralarında bölüşdürülüb. Yığıncaqda akademikin İran müşteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vurğulanıb. Bildirilib ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib. Hökmdə bildirilib ki, Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində İslam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar. 1993-cü ildən 2000-ci ilin oktyabrınadək orada iştirak ediblər. 21 fevral 1997-ci il saat 16 radələrində dəstə 2 qrupa ayrılıb. Tapança-pulemyotla silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsilə 2-ci qrupa məlumat verib. Nizami Nağıyev bıçaqla, Qalib Babayev isə tapança ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər.

Axşamüstü saat 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat verib. O, kənar şəxslər barədə işarə vermək məqsədilə avtomaşında qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısında mövqe tutub. Akademik Ziya Bünyadovun mənzilinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib və onun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər 2 şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıblar.

3 il sonra dəstə üzvlərindən Nizami Nağıyev və Mahir Zeynalov tutulublar. Nizami Nağıyev qətldən 5 ay sonra Gömrük Komitəsinə işə düzəlib, tutularkən də gömrük inspektoru olub. Atası Adil Nağıyev həmin vaxt Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. Nizami Nağıyev “Yeni Müsavat”a demişdi ki, Ziya Bünyadovu onlara Aydın kimi tanıdıblar, onun və bir müxalifət liderinin qətlini sifariş veriblər. Sifarişi alan Tariyel Ramazanov Milli Elmlər Akademiyasının işçisi olub. 2000-ci ildə qətlin üstü açılarkən o və dəstənin digər üzvləri ölkədən qaçıblar. Nizami Nağıyev onların İrana qaçdıqlarını ehtimal etdiyini bildirmişdi.

5 hissədən ibarət həmin müsahibənin keçidini təqdim edirik: https://musavat.com/news/ziya-bunyadovun-qatili-hebsxanada-danisdi-sensasion-aciqlamalar-foto_506470.html

“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA