xeberler.org
xeberler.org

“İskəndər” qalmaqalı: Bakı və Ankara “təxribatçı”, Moskva süddən çıxmış ağ qaşıq - GƏLİŞMƏ

7-04-2021, 08:51 14 dəfə baxılıb

“İskəndər” qalmaqalı: Bakı və Ankara “təxribatçı”, Moskva süddən çıxmış ağ qaşıq - GƏLİŞMƏ


Dostlar, bu, artıq informasiya müharibəsidir. Bu dəfə Ermənistanla Azərbaycan arasında yox, Rusiya ilə Azərbaycan arasında. Əslində, etnik ermənilərin rəhbərlik etdiyi və onları “ekspert” dəvət edən Rusiya mətbuatı çoxdan ölkəmizə qarşı çıxır, 44 günlük müharibənin nəticələrini dəyərdən salmağa çalışır. Sadəcə, indi hamısı bunu daha da səylə edəcək. Bu yolboyunca rus təbliğatının köhnə “konservləri” də açılır.

Səbəb aydındır - Şuşada tapılan “İskəndər-M” raket qalıqları ətrafında qalmaqal. Yeri gəlmişkən, Rusiya Federasiyası Baş nazirinin keçmiş müavini Alfred Kox da bu mövzuda danışdı. Sözləri həqiqətə çox yaxın idi və bu səbəbdən də Rusiya təbliğatçılarının sıralarında yeni bir isteriyaya səbəb olacaq. Lakin, gəlin Koxun dediklərinə diqqət edək.

O, “Facebook” hesabında yazır:

“Bakı “İskəndər”in Qarabağdakı qalıqlarından bəhs etdi. Buradan nə nəticə çıxır? Ağla çox şey gəlir. Amma dərhal ağla gələnləri söyləyəcəm:

1. Ermənistanın rəhbəri Nikol Paşinyan Azərbaycana qarşı Rusiya istehsalı olan taktiki “İskəndər” raketlərinin istifadə edildiyini deyəndə yalan danışmadı. Yəni fakt doğru idi, baxmayaraq ki, Moskvadan təpinən kimi, o, öz sözlərini geri götürdü;

2. Azərbaycana qarşı vuruşan Dağlıq Qarabağ ordusu yox, Ermənistan və ya Rusiya orduları idi, çünki Dağlıq Qarabağ ordusunun xidmətində “İskəndər” olmayıb;

3. Ya Rusiya Ermənistana ixrac versiyasını deyil, daxili, öz istifadəsi üçün (ən güclü və uzun mənzilli) “İskəndər”ləri verib, ya da Şuşaya, Azərbaycan bölmələrinə rusların özləri Gümrüdəki (Ermənistan) Aleksandr Nevski ordenli 102-ci rus hərbi bazasından atəş etdilər;

4. Beləliklə, Paşinyan da “İskəndər”lərin istifadəsinin nəticə vermədiyini söyləyərkən haqlı idi: partlamadılar. Əks təqdirdə, Şuşadakı ciddi dağıntılar barədə məlumat olardı. Amma yox idi. Yəni raketlər uçdu və boş borular kimi düşdü.

Bundan hansı nəticələr çıxarmaq olar? Elə əvvlki nəticələr kimi: Rusiya texnikası sadəcə bahalı metal qırıntılarıdır. Ermənilər pulu havaya sovurublar. Həqiqətən kimlə vuruşduqlarına gəldikdə, düşünürəm ki, azərbaycanlılar artıq bilir ki, kiminlə vuruşublar...

P.S. Putin hər kəsə cizgi filmlərini göstərməyə və əbədi nüvə mühərriki ilə səsdən sürətli raketlərdən danışmasına davam etsin. Artıq bu roliklər heç kəsi qorxutmur”.

Aydındır ki, Rusiya tərəfi belə bir uğursuzluğu özünə bağışlaya bilməz. Beləliklə, “Arsenal Oteçestva” jurnalının redaktoru Aleksey Leonkov “Vzqlyad” nəşrinə verdiyi bir müsahibəsində, böyük ehtimalla söhbətin Rusiyanın raket qalıqlarının əsl kəşfindən deyil, səhnələşdirmədən getdiyini iddia edir. Rusiyaya qarşı təxribat yaratmaqda maraqlı olanların çox olduğunu iddia edir və deyir ki, dezinformasiya təşkil etmək bu qüvvələr üçün problem deyil.

Bu sözlərin qarşısında nəsə deməyə adamın dili belə, gəlmir. Leonkova görə, dünyada hamı işini-gücünü buraxıb, Rusiyanı necə əsəbləşdirməyi, ona böhtan atmağı düşünür. Ukrayna Krımını ilhaq edən, Donbassda bir müharibə başladan, 2008-ci ilin avqust ayında Gürcüstana qarşı müharibə aparan, casus diplomatlarının dünyanın müxtəlif ölkələrindən qovulması ilə müntəzəm qalmaqallar yaşayan Rusiyanın isə heç bir günahı, əlaqəsi yoxdur?!

Daha irəli gedək. Fotoşəkillərdə göstərilən fraqmentlər həqiqətən “İskəndər”ə aiddir. Etiketdəki işarələr də “İskəndər”indir. Ancaq raketlərin partladığı iddia edilən yerin mənzərələri Leonkovda şübhələr yaradır (?). Bunun ardınca tamamilə gülməli bir açıqlama gəlir: “Fotodakı nömrənin Rusiya ordusu tərəfindən istifadə olunan və xaricə göndərilməyən “İskəndər”lərə uyğun gəlib-gəlmədiyi yalnız Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənə və ya inkar edilə bilər”.

Rusiya Müdafiə Nazirliyi nə vaxt və hansı cinayətləri boynuna alıb ki?! Və yalnız Müdafiə Nazirliyi deyil, Rusiya Federasiyası rəhbərliyi də. Bəli, heç bir insidenti heç vaxt etiraf etməyiblər.

Sizə 2014-cü ili xatırladıram. “Krımdakı Ukrayna hərbi hissələrini bloklayan birləşmələr Rusiya ordusuna aid deyil, onlar Krımın özünümüdafiə qüvvələridir”, - deyə Rusiya Prezidenti Vladimir Putin o vaxt açıqlama vermişdi.

Bu birləşmələrin formasının niyə Rusiyaya bənzədiyi barədə sualı cavablandırarkən, Rusiya ordusunun formasına bənzər bir forma satan hər hansı bir hərbi mağaza ilə əlaqə qurmağı təklif etdi. Rus təbliğatçıları üçün təəssüflü hal olsa da, bu dəfə “İskəndər-M”-in Ermənistan hərbi mağazasından satın alındığını iddia etmək heç bir nəticə verməyəcək. Odur ki, məsələni bacardıqları qədər mürəkkəbləşdirir, bəzən gülməli absurda çatan versiyalar irəli sürürlər.

Eyni Leonkov, “İskəndər-M”-lərin Suriyada, İdlib əyalətində də yaraqlı qruplarını yox etmək üçün istifadə edildiyini xatırlatdı. “Türklər bu parçaları orada asanlıqla götürüb Qarabağa gətirmək və onlarla birlikdə fotosessiya təşkil etmək üçün Azərbaycana təhvil verə bilərdilər” - deyən ekspert öz fantaziyasına özü də heyran qalaraq davam edir. Deyir ki, Rusiyaya qarşı provokasiyalarda təkcə Türkiyə və Azərbaycan deyil, “Moskvanı Zaqafqaziyadan sıxışdırmaq üçün çalışan” ABŞ və Böyük Britaniya da maraqlı ola bilər.

Beləliklə, “Brilliant əl” filmində deyildiyi kimi, əlin yüngül bir hərəkəti ilə şalvar zərif şortlara çevrilir və məlum olur ki, provokasiyalarda “İskəndər”lərlə Şuşaya atəş açan Rusiya deyil, Azərbaycan və hətta Türkiyə, ABŞ və Böyük Britaniya da günahkardır. Rus mütəxəssisin Ukraynanı da bu sıraya qoşmaması qəribədir. Rus təbliğatçıları Ukrayna izini hər yerdə “kəşf etməyə” öyrəşiblər.

Məsələnin gülməli tərəfi odur ki, bu qalmaqal Azərbaycanda “ukraynalı hərbi ekspert” adlandırılan, amma əslində bir rus təbliğatçını da üzə çıxardı. Söhbət Ukraynanın Sumı bölgəsi, Pesçannoe kəndinin yerli sakini Yuriy Podolyakadan gedir. Ölkəmizdə, mənim üçün anlaşılmaz bir səbəbdən, 44 günlük müharibə zamanı etdiyi təhlillələrə görə onu alqışlayırdılar. Baxmayaraq ki, Podolyaka yalnız açıq şəkildə - Azərbaycan ordusunun irəliləməsini və erməni ordusunun məğlub olduğunu bildirirdi.

Podolyakanın ali təhsili belə, yoxdur, açıq-aşkar bir fırıldaqçıdır, hər mövzuda danışmağa hazırdır. Anlamadığı mövzularda o qədər danışır ki, onu Rusiyanın təcavüzünü inkar etməyə və Ukraynanın ərazi bütövlüyünün pozulmasına çağırışlara görə, anti-Ukrayna təbliğatçısı kimi “Mirotvorets”-in informasiya bazasına daxil ediblər. Bu cür “nailiyyətlərlə” Podolyakın Ukraynaya Rusiya Federasiyasından girişi qadağandır.

Ancaq eyni zamanda Rusiya Federasiyasından müntəzəm olaraq yayımlanır. Və demək olar ki, “Arsenal Oteçestva” jurnalının redaktoru Aleksey Leonkovun söylədiyi cəfəngiyyatı eyni şəkildə təkrarlayır. Podolyaka azad edilmiş Şuşa şəhərinin yaxınlığında tapılan, Rusiya ordusunun istifadəsində olan və ixracı nəzərdə tutulmayan “İskəndər-M” raketlərinin qalıqlarının ora qəsdən atıldığını iddia edir. Həqiqətən də, belə də dedi. Üstəlik kimin, haradan və niyə atdığını da iddia etdi: “Rusiya sülhməramlılarını diskreditasiya edərək, Qarabağdan çıxarılmasına nail olmaq üçün, bu qalıqları Türkiyə Suriyadan gətirərək, Azərbaycana atdı”.

Aydındır ki, Podolyaka “Görüş yerini dəyişmək olmaz” filminin süjeti ilə real həyatı qarışdırır. Ancaq məsələ burasındadır ki, “İskəndər-M” raketləri Foksun Qruzdevə sakitcə atığı tapança deyil. Podolyakanın bu versiyası yalnız gülüşlərə səbəb olur. Çünki Azərbaycanda heç vaxt bu cür saxtalaşdırma ilə heç kim məşğul olmayıb. Çünki söz və əməl üçün məsuliyyət dərəcəsini başa düşürlər. Uzun, saxta ifadələrin siyahısı Rusiyadadır. Bu rus təbliğatı həmişə yalan danışıb.

17 iyul 2014-cü ildə Malayziya Hava Yollarına məxsus “Boeing 777-200ER”-in Amsterdam-Kuala Lumpur marşrutu ilə planlaşdırılan MH17 reysini yerinə yetirdiyini xatırlatmaq kifayətdir. Havaya qalxdıqdan təxminən 2 saat 49 dəqiqə sonra “Buk” zenit-raket kompleksindən 9M38 seriyalı raketlə vurulmuşdu. Bu “Buk” Rusiya Silahlı Qüvvələrinin 53-cü Hava Müdafiə Briqadasına aid idi və insident günü Rusiyadan Ukraynaya gətirilmiş və təyyarəni vuran raket atıldıqdan sonra yenidən Rusiya ərazisinə qaytarılmışdı. Ancaq Rusiya Federasiyası yenə də yalan danışır, bəhanələr gətirir, bu günahı öz üzərindən atmağa çalışır. İşləməyəcək. Qarabağda “İskəndər-M” raketlərinin istifadəsini inkar etmək də mümkün olmayacaq. O, ayrı məsələdir ki, bundan sonra hər şeydə Azərbaycan və Türkiyəni günahlandırmağa çalışacaq Rusiya təbliğatı bunu daha intensiv edəcək. Buna hazır olmalıyıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA