Enerji içkiləri: - Suallar, gümanlar, rəylər
Gündəm
Oxunub: 345
2 Tem 2020 | 15:25
Enerji içkiləri: - Suallar, gümanlar, rəylər

Enerji içkilərini, adətən kimlər içir? Gecə uzun yola çıxan sürücülər, imtahana hazılaşan tələbələr, işdə özünü yorğun hiss edənlər, üstündəki yorğunluğu atmaq istəyən, əhval-ruhiyyəsini bir az qaldırmaq fikrinə düşənlər və s. Bəs, görəsən, enerji içkiləri həqiqətənmi bizi gümrahlaşdırır, fəaliyyətimizdə məhsuldarlığın artmasına kömək edir, yoxsa biz sadəcə buna özümüzü inandırmışıq? Suallar çoxdur, cavablar isə müxtəlif.

Enerji içkilərinin zərərli olması barədə çox danışılır, həkimlər xəbərdarlıq edir, insanları enerji içkilərindən istifadə etməməyə çağırırlar. Lakin üstündəki yarlıqdan tərkibini oxuyanları zərərli olduğuna inandırmaq çətindir. Demək olar ki, bir çox enerji içkilərinin əsas tərkibi eyni maddələrdən təşkil olunub: kofein, taurin, quarana, B vitamini, şəkər, suni dadlandırıcılar və s.

AYNA “Enerji içkiləri deyildiyi qədər təhlükəlidir, yoxsa bizə belə təqdim olunur?” sualı ilə mütəxəssislərə müraciət edib.

Endokrinoloq Gülay Həsənqızı deyir ki, enerji içkilərinin ziyanından danışarkən, əvvəla “nə dərəcədə, hansı yaş qruplarında ziyanlıdır” məsələsinə diqqət yetirmək vacibdir: “Bəzi Avropa ölkələrində, Türkiyədə 18 yaşdan aşağı olanlara enerji içkilərinin satışı qadağandır. ABŞ-da belə bir qadağa yoxdur, orada 12-13 yaşlı uşaqlar da istifadə edir. Enerji içkilərinin tərkibində amin turşuları, bəzi vitaminlər var. Bizim üçün önəmli olan kofein və şəkərdir. ABŞ Qida və Dərman Agentliyi (FDA) yetişkin insanlar üçün gündəlik 400 mq-dan artıq kofein istifadəsini qətiyyən tövsiyə etmir. Biz enerji içkilərinin tərkibində kofein nə qədərdir, dəqiq bilmirik. Bəzən qeyd edilməyə, bəzən də yanlış qeyd edilə bilər. Ümumilikdə baxdıqda isə enerji içkilərinin tərkibindəki kofein miqdarı dəyişkəndir. Misal olaraq deyim ki, bir fincan qəhvədə 80-90 mq kofein olur”.

“Uşaqlar üçün enerji içkisi qadağandır. Həddindən artıq kofein qəbulu ürək qan-damar xəstəliklərinə səbəb ola, əzələ-skelet sisteminin inkişafına, diş sağlamlığına mənfi təsir edə bilər. Kofein istifadəsindən bir müddət sonra baş ağrısı, əsəbilik kimi hallar müşahidə oluna bilər. Qadınların hamiləlik zamanı enerji içkilərindən istifadə etməsi düşüklərə, orta yaşlı və yaşlı insanlarda ani ürək tutmalarına səbəb ola bilər. Çünki bu risk qrupunda olanlarda kofein qəbulu ürək ritmini poza, qan təzyiqini artıra bilər. Eyni zamanda, kofeinin çox istifadəsi asılılıq yaradır. Həddindən artıq qəbulu zəhərlənmə ilə nəticələnə bilir”, - həkim bildirir.

Həsənqızının dediyinə görə, enerji içkilərinin tərkibində şəkər çox yüksək olur: “250-300 ml içkinin tərkibində, təxminən 9-10 ədəd kəsmə qənd olur. Şəkərin çox qəbulu istər uşaqlarda, istərsə də böyüklərdə piylənmə riskini artırır. Uşaqlarda gələcəkdə şəkərli diabet xəstəliyinin olma ehtimalını yüksəldir. Buna görə də 18 yaşına çatmamış, şəkərli diabet, ürək qan-damar xəstələri üçün qətiyyən olmaz”.

Digər tərəfdən, enerji içkilərinin tərkibindəki şəkərəvəzedicilərə diqqət çəkən mütəxəssis, bunların daha zərərli olduğunu vurğulayır: “Şəkər dediyimiz korbohidrat mübadiləsinə təsir edəcək karbohidratlardır. Və adətən bu karbohidratlar sadə karbohidratlar olur. Yəni qısa zamanda qana sovrulan və şəkəri qaldıran. Bildiyim qədərilə elə enerji içkiləri var ki, onların tərkibində şəkər yox, şəkərəvəzedicilər olur. Şəkərəvəzedicilər ziyanlıdır. Xüsusilə də onların tərkibinə süni şəkərəvəzedicilər qatırlar. Burada məsələ enerji içkilərinin tərkibinə qatılan vitaminlər deyil, şəkərdir”.

Enerji içkilərinin alkoqollu içkilərlə birlikdə içilməsinə toxunan həkim bunun yolverilməz olduğunu söyləyir: “Araşdırmalar onu göstərir ki, bu halda ani ürəktutmaların olma riski çox yüksəkdir”.

Kardioloq Ülvin Həbibova isə deyir ki, istehsalçılar və pərəstişkarları bu məhsulun zərərsiz olduğunu iddi etsələr də, bu iddianı dəstəkləmək üçün çox az dəlil var: “Amerika Qida və Dərman Agentliyi 400 milliqramın altında kofeinin böyüklər üçün təhlükəsiz olmasını desə də, enerji içkilərinin tərkibində kofeindən başqa maddələr də var. Onlar haqqında isə çox az şey bilinir. Taurin, quarana və jenşen ekstraktı və s. kimi maddələr "enerji qarışığı" adı altında təqdim edilsə də, bu qarışımın təhlüksizliyi təsdiqlənməyib. Sadəcə kofein və enerji içkisi istifadə edən şəxslər arasında aparılan araşdırmada enerji içkisi istifadəçilərində görülən elektrokardioqramma (EKQ) dəyişikliyi və həyati-təhlükəli aritmiyalar kofein istifadəçilərində görülməyib. Burada qeyd etmək lazımdır ki, sırf eyni EKQ dəyişiklikləri yaradan bəzi dərman preparatları məhz bu səbəbdən bazardan qaldırılmışdı. Eyni zamanda da enerji içkisini içdikdən sonra qan təzyiqinin yüksələrək 6 saat müddətində eyni şəkildə davam etməsi müşahidə olunub. Bu dəyişikliklər sağlam fərdlərdə narahatlıq yaratmasa da, ürək problemi olan şəxslər çox diqqətli olmalıdır”.

Həkimin sözlərinə görə, ürək xəstəliyi olan kəslərdə kofeinin yüksək dozası infarkt və insult riskini artırır: “Bu içkilərin tərkib hissəsi olan taurin ürəyi kalsiumla yükləyərək aritmiyalara, ürək dayanmasına və qəfləti ölümə səbəb ola bilər. Hər nə qədər enerji içkiləri yüksək performans, diqqətartırıcı kimi reklam edilsə də, bu içkinin daha az kofein tərkibi olan 1 fincan qəhvədən daha üstün olduğu deyilə bilməz”.

Enerji içkilərinin alkoqolla qəbul edilməsindən danışan Həbibova, geniş yayılmaqda olan bu trendin təhlükəsindən söz açıb: “Bu içkilər birlikdə daha ciddi təsir gücünə malik olur. Həm enerji qarışımının aritmik və qan təzyiqinə olan təsiri, həm də alkoqolun ciddi susuzlaşdırma və elektrolit itkisi effekti qat-qat artır və nəticədə orqanizmə ciddi xəsarət vura bilir. Alkoqolun ayrılıqda istifadəsi zamanı orqanizmdə süstləşmə və yorğunluq hissi yaranır və bu alkoqol qəbulunu məhdudlaşdırır. Lakin enerji içkiləri əlavə edildiyi zaman ikincinin oyanıqlıq effekti zəhərli dozalarda spirt qəbuluna səbəb ola bilir. Bu səbəbdən ürək qan-damar xəstəliyi olanlar, hamilə qadınlar, uşaqlar, çox alkoqol istifadə edənlər enerji içkilərindən qətiyyən istifadə etməməlidir”.

Qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev enerji içkilərinin mərkəzi sinir sisteminə təsir göstərərək, insana enerji verdiyi təəssüratını yaratdığını qeyd edir: “İnsan orqanizminə maddələr mübadiləsi metobilizmində enerji verən əsas üç amil var: karbohidratlar, zülallar və yağlar. Bir qədər də etil spirti. Başqa insan orqanizminə enerji verəcək inqridiyentlər yoxdur. Enerji içkiləri mərkəzi sinir sisteminə təsir göstərir. İnsanlarda elə təəssürat yaradır ki, guya bu enerji içkiləri insana enerji verir. Elə şey yoxdur. Çayın tərkibindəki tamin maddəsi də insanın mərkəzi sinir sisteminə təsir göstərir. Bəzən deyirlər, “kofe içdim enerjili oldum, yuxum dağıldı, bütün gecəni işlədim” və s. Alkoloidlər insanın beynini uyuşduran maddələrdir. Hansı ki insanın beyninə təsir göstərir və elə təəssürat yaradır ki, daha enerjili oldu. Bu maddələr qısa müddət ərzində təsir edir, maksimum təsir müddəti təxminən 1 saatdır. Daha qısa müddətli də ola bilər”.

Ekspert normal miqdarda qəbul edilən şəkərin və kofeinin insan orqanizminə ziyanlı olmadığını deyir: “Bütün məhsulların tərkibi üzərindəki yarlıqda öz əksini tapmalıdır. Əgər insana sürətli təsir göstərən inqridiyent varsa, göstərilməlidir. İstehsal olunan məhsulların təkibi texniki şərtdə və standartlarda öz əksini tapmalıdır. Əgər standart aşılar və ya texniki şərtdə göstərilən inqridiyentlərdən başqa maddə əlavə edilərsə, istehsalçı məsuliyyət daşıyır. Bu, yolverilməz haldır. Qida Təhükəsizliyi Agentliyi (AQTA) bu məslədə yaxşı işləyir, vaxtında reaksiya verir. Enerji içkilərinin tərkibindəki inqridiyentlər də bir insanın gündəlik qəbul etdiyi normadan artıq olmamalıdır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Şöbəsinin 2014-cü ildə açıqladığı hesabata əsasən, enerji içkiləri gənclərin sağlamlığında müəyyən problemlər yarada bilər. Bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də 18 yaşına çatmamış yeniyetmələrə, hamilə qadınlara, süd verən analara, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənnsanlara enerji içkilərindən istifadə etməməyi tövsiyə edir.
Dün, 17:14
“Bundan sonra bura Zəfər meydanıdır”
Dün, 16:36
Başsağlığı
Dün, 16:27
Prezident xalqı təbrik etdi
Dün, 16:02
“Bu il bu proses davam edəcək”
Dün, 15:09
Novruzda da bu küçələr avtomobillər üçün bağlı olacaq
Dün, 14:25
“Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldı
Dün, 13:46
“Azərbaycan-Rusiya münasibətləri sabit inkişafı ilə seçilir”
Dün, 13:25
NATO Baş katibinin Azərbaycana səfəri başa çatdı
Dün, 12:56
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib
Dün, 12:14
Texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək - DYP
Dün, 11:30
Yaz fəslinin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI
Dün, 10:44
Putindən seçki açıqlaması: Bu, məni təəccübləndirdi
Dün, 10:02
Əli Əsədov qərar imzaladı
16-03-2024, 17:46
NATO qoşunları Ukraynaya girsə, III Dünya müharibəsi başlayacaq - Nazir
16-03-2024, 16:40
Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI
16-03-2024, 15:50
Milli Məclisin deputatı Vyanaya gedir
16-03-2024, 12:27
Forum iştirakçılarının sayı rekord həddədir
16-03-2024, 12:24
Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib
16-03-2024, 12:22
Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır.
16-03-2024, 12:20
Azərbaycan inteqrativ təşəbbüslərlə çıxış edir
16-03-2024, 12:00
Quterreş üç ölkənin liderinə məktub yazdı
16-03-2024, 11:30
Azərbaycanda dərman zavodları nə vaxt açılacaq? - VİDEO
16-03-2024, 10:40
Quterreş Ərdoğan, Zelenski və Putinə məktublar göndərdi
16-03-2024, 10:20
Orucluqda orqanizmimiz necə dəyişir?
16-03-2024, 10:00
Günün qoroskopu: Yaşamın rutinliyinə dəyişikliklər edin
16-03-2024, 10:00
Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib
15-03-2024, 16:44
Pensiyaçılara ildə iki dəfə əlavə müavinətin verilsin! - Komitə sədri