xeberler.org
xeberler.org

Laçın dəhlizi tam şəkildə Azərbaycanın nəzarətinə keçəcək - GƏLİŞMƏ

3-05-2021, 09:11 16 dəfə baxılıb



Laçın dəhlizi tam şəkildə Azərbaycanın nəzarətinə keçəcək - GƏLİŞMƏ

Torpaqlarımız işğaldan azad olunandan sonra, növbədi mərhələ üçün proseslər suverenliyimizin tam bərpası və iqtisadi-siyasi idarəetmədə müşahidə olunan problemlərin həllinə yönəlib.

Ərazi bütövlüyünü hərblə təmin edən dövlət onu yalnız korrupsiyasız, rüşvətsiz bir iqtisadi məkanda inkişaf etdirə və qoruya bilərsə, o zaman bu prosesin uğurlu alınması üçün vacib olan əsas əsas nüanslar nədir? Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Elşad Mirbəşir maraqlı fikirlərə diqqət çəkib.

- Elşad müəllim, ermənilərin Xankəndini tərk etməsi ilə bağlı xəbərlər yayılır. Siz mövcud vəziyyəti necə dəyərləndirirsiz?

- Azərbaycan inamla qələbə qazandı və sonucda regionda yeni reallıqlar yaratdı. Bu reallıq, təbii ki, Azərbaycanın maraqlarına tam uyğundur. Öz torpaqlarını işğaldan azad edən Azərbaycan regionda komunikasiyanın açılması, iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Əlavə olaraq da Azərbaycanın təşəbbüsü və Türkiyə tərəfindən də dəstəklənən yeni əməkdaşlıq platforması müzakirə obyektinə çevrildi. Bu da region dövlətləri üçün gələcək əməkdaşlığın inkişaf etdirilməsi baxımından unikal imkanlar açır. Ötən ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanatında yer alan bütün maddələr Azərbaycanın maraqlarına uyğundur. Xüsusilə 9-cu maddədə Naxçıvanla Azərbaycan arasında nəqliyyat kommunikasiyanın yaradılması sözün əsl mənasında geosiyasi və geoiqtisadi simasını dəyişdi. Bu da ayrıca olaraq Azərbaycanın öz prioritetlərini uğurla həyata keçirdiyinin növbəti sübutudur. Təbii ki, sual doğuran bəzi məqamlar var, bunu ölkə prezidenti də vurğulayıb. Sülhməramlılar öz missiyasına uyğun davranmalıdırlar. Birgə bəyanaməyə əsasən sülhməramlılar yerləşdirilib. Bir çox hallarda Azərbaycan cəmiyyətini narahat edən proseslər müşahidə olunur. Sülhməramlıların keçmiş münaqişə bölgəsinə yerləşdirilməsinin məqsədi ondan ibarətdir ki, yenidən qarşıdurma baş verməsin, birgə bəyanatın şərtlərinə dəqiqliklə əməl olunsun. Azərbaycan dövlətinin, cəmiyyətinin də gözləntisi ondan ibarətdir ki, sülhməramlılar məhz müəyyənləşdirilmiş missiyaya uyğun davransınlar. Fərqli davranış tərzi təbii ki, qəbulolunmazdır.

Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan özünün güc mövqeyini də formalaşdırdı. Bəzən Ermənistanda revanşçı qüvvələrin baş qaldırmasına baxmayaraq, birgə bəyanatın şərtlərinə ardıcıllıqla əməl olunmaqdadır. Birgə bəyanatın şərtlərindən biri də ondan ibarətdir ki, erməni silahlı birləşmələri ərazidən çıxarılsın. Yayılan videogörüntülərdə bunun əlamətləri müşahidə olundu. Bütün hallarda erməni silahlı birləşmələri regiondan çıxmalıdırlar. Birgə bəyanatın şərtlərinə əməl olunmasında Rusiyanın özü çox maraqlıdır. Bu, Rusiyanın beynəlxalq imici məsələsidir. Rusiyanın vasitəçiliyi ilə imzalanmış bir kağız parçası olaraq qalarsa, beynəlxalq müstəvidə ona olan etimadı azaldacaq. Yəni Rusiyanın siyasi siması korlana bilər. Təsadüfi deyil ki, Vladimr Putin birgə bəyanatın şərtlərinə əməl olunmasından boyun qaçırmağı intihara bərabər hesab etmişdi. Fikrimcə bu, elə Ermənistana yönəlik bəyanatdır. Ermənistan məğlubiyyətinin müəyyən qədər də olsa kompensasiyasına nail olmaq istəyir, amma bunu heç bir halda bacarmayacaq. Bütün hallarda birgə bəyanatın şərtlərinə tədricən də olsa əməl olunacaqdır. Bunun başqa bir yolu yoxdur. Azərbaycan bu gün ermənilərin yaşadıqları ərazilərimizdə də öz suverenliyini tam bərpa edəcək.

- Məsələyə bu aspektdən yanaşan ölkə ictimaiyyəti suverenliyin tam bərpasını Laçın dəhlizindən tutmuş, digər ərazilərimizdə Azərbaycan sərhəd qoşunlarının dayanmasında görür. Təhlükəsizliyin və suverenliyin əsası bundan başlayırsa, bu barədə nə söyləyərdiniz?

- Bütünlükdə məsələyə fundamental yanaşma tətbiq etmiş olsaq, qeyd etmək lazımdır ki, ümumiyyətlə, Azərbaycan ərazisində bütün hərəkətlənmələr Azərbaycanın icazəsi ilə və Azərbaycanın nəzarəti altında olmalıdır. Bunun üçün hərhansı əlavə hüquqi əsasa ehtiyac yoxdur. Azərbaycan görünən bu amilləri nəzərə alaraq, Laçın dəhlizindən Rusiya sülhməramlılarının nəzarəti altında istifadəyə imkan yaradır.

Bilirik ki, üç il müddətində də əlavə alternativ dəhliz yaradılmalıdır. Bundan sonra Laçın dəhlizi tam şəkildə Azərbaycanın tərkibinə keçəcəkdir. Bütövlükdə Azərbaycan öz ərazisində tam sərbəst davranmaq imkanına malik olmalıdır. Əminəm ki, bizim strategiyamız buna imkan verəcək ki, bütün ərazilərimiz boyu süverenliyimizi təmin edəcəyik. Belə olan halda təbii ki, bütün bölgələrə də nəzarəti həyata keçirəcəyik.

- Yeni reallıqlar fonunda “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi aprelin 30-da təşkilatı buraxdı. Yerli əhali nə vaxt Xankəndiyə, Xocalıya və digər ərazilərə köçürüləcək. “Qarabağa dönüş” prosesi öz həllini necə tapacaq?

- “Qarabağa dönüş” deyəndə hər kəsin birmənalı olaraq vaxtilə yaşadığı evinə qayıtması nəzərdə tutulur. Bura birmənalı olaraq Xankəndi, Xocalı və digər ərazilərimiz də daxildir. Hesab edirəm ki, bu təmin olunacaqdır. Sülhməramlıların əsas missiyalarından biri də bundan ibarət olmalıdır ki, istisnasız olaraq azərbaycanlılar öz ata-baba yurdlarına köçsünlər. Qarabağa köçürülmə strategiyası dövlətimiz tərəfindən hazırlanmaqdadır. Bununla bağlı artıq strateji baxışlar da mövcuddur. Xatırlatmaq istəyirəm ki, hazırda ictimai rəy sorğusu da keçirilməkdədir. Yeri gəlmişkən qeyd edim ki, rəy sorğusunu həm də təmsil olunduğum Sosial Tədqiqatlar Mərkəzi keçirtməkdədir. Təbii ki, bu dövlətin gələcək addımlarının koordinasiyasi üçün çox vacibdir. Əldə olunan nəticələrdən asılı olaraq müvafiq addımlar atılacaq. Təbii ki, hər şeydən öncə təhlükəsizliyin təmin olunması tədbirləri görülməkdədir. Cənab Prezident tərəfindən bünövrəsi qoyulan yaşayış məskənləri yaradılacaqdır. Ağalı kəndində ilk ağıllı kənd layihəsinin həyata keçirilməsinə start verildi. Məskunlaşma həyata keçirildikcə, azərbaycanlıların nəfəsi ərazidə duyulduqca, regionda yeni bir mənzərə yaranacaq. Hazırda Azərbaycan 3 istiqamətli strategiya həyata keçirməklə torpaqları üzərində tam suverenliyini təmin etməkdədir. Bu, birinci siyasi istiqamət idi, ikinci hərbi, bundansonrakı mərhələdə isə Azərbaycan strategiyasının iqtisadi istiqamətini gerçəkləşdirərək bütün ərazilərimizdə effektiv nəzarətini tam təmin edəcək. Kiçik ərazilərdə ermənilər yaşamaqdadır, regionda Azərbaycanın yaratmış olduğu iqtisadi şərait, təbii ki, orada yaşayan ermənilərin də separatizm hisslərindən tam uzaqlaşmasını regiondakı şəraitdən yararlanmasını şərtləndirəcək. Əgər buna getməzlərsə yenə də separatçılar baş qaldırarsa, Azərbaycan öz ərazisində onları zərərsizləşdirəcək, terrora meyillilik olarsa, antiterror əməliyyatlarını keçirəcək. Düşünürəm ki, bu da atılacaq addımlar arsenalında nəzərdə saxlanılacaq.

- Dediniz ki, Sosial Tədqiqatlar Mərkəzi olaraq sorğular keçirirsiniz. Maraqlıdır, apardığınız tədqiqatlara, araşdırmalara əsasən əhalinin hansı problem və istəkləri özünü daha qabarıq büruzə verir? Həllini gözləyən əsas sosial tələb nədir?

- Biz sorğunun keçirilməsi ərəfədsindəyik. İlkin əsaslar formalaşdırılır. Sorğunun keçirilməsi metodları və mexanizmləri müəyyənləşirilib. Təbii ki, ümumi diqqət yetirilən başlıca məqam ondan ibarətdir ki, insanların öz dədə-baba yurdlarına qayıtma istəyinin həddini müəyyənləşdirək. Bu böyük faiz göstəricisi ilə müəyyənləşmiş olacaq. Onların gözləntiləri nədən ibarət olacaq, regionda yaradılacaq hansı amillər, hansı reallıqlar onların qayıdışını stimullaşdıracaq. Bir sözlə, kompleks olaraq baş verən proseslərər qatılmaqla sorğunun nəticələrini almaq niyyətindəyik.

- Elşad müəllim, bu prosesdə korrupsiya ilə mübarizə məsələsi də əsas məqamlardan hesab olunur. Milli Məclisin Korrupsiya ilə mübarizə komitəsinin üzvü kimi necə hesab edirsiniz, qanunvericilik belə hallara qarşı nə tələblər irəli sürür?

- Hər şeydən öncə vurğulamaq lazımdır ki, təkcə qayıdış və işğaldan azad olunmuş ərazilərimizin bərpası sahəsində deyil, fəaliyyətin bütün sahələrində korrupsiya, rüşvət alma halları kəskinliklə qınanılır və bunun qarşısı alınmalı və buna qarşı barışmaz mövqe nümayiş etdirilməlidir. Ölkəmizdə bu istiqamətdə kompleks fəaliyyətin həyata keçirilməsi üçün iradə mövcuddur. Korrupsiyaya qarşı mübarizədə intensivlik gözlənilməlidir.

- Məlumdur ki, bu günlərdə Şəmkirin icra başçısı da tutuldu. Prokurorluğun xəbərlərinə görə milyonluq obyektlər 40 manata ailə üzvlərinə satılıb. Bu məsələdə təbii ki, tenderə qoşulanların hüquqları da pozulub. Bu barədə nələri söyləyərdiniz?

- Həm ümumi normativ hüquqi əsaslar, həm də ki cəmiyyətdə ədalət prinsipləri kifayər edir ki, bütün tenderlər ədalətli və şəffaf keçirilsin. Hesab edirəm, bütün bunlara əməl olunacaqdır. Korrupsiyaya gəldikdə isə bir daha qeyd edirəm ki, bu mübarizə davamlı olmalı və barışmaz mövq tutulmalıdır. Bu, təkcə bugünkü inkişaf strategiyasını əngəlləmir, həm də gələcək hədəflərimizə çatmağa çox ciddi şəkildə mane olur.

- Neçənci icra başçısıdır ki, artıq həbs olunur. Bu həbslər göstərir ki, mövcud icra strukturları Prezidentin elan etdiyi islahatlar paketinə uyğun gəlmir. Sizcə, hansı dəyişikliklər olmalıdır?

- Bildiyimiz kimi ölkəmizdə, xüsusilə də 2019-cu ilin əvvəlindən başlayaraq həm kompleks kadr islahatları, həm də institusional islahatlar həyata keçirilməkdədir. Əsas şərt ondan ibarətdir ki, dövlət idarəçilikdə çeviklik, həssaslıq artırılsın, səmərələlik çoxalsın. Kadr və institusional islahatların paralel aparılmasını müşahidə etməkdəyik. Hesab edirəm ki, bu öz bəhrəsini verəcəkdir. İnstitusional islahatlarda isə bütövlükdə dövlət idarəçilik sistemində də məqbul bilinən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Atılmış addımlar həm regional idarəetmə sistemində, həm də bütövlükdə dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində öz müsbət nəticələrini göstərəcəkdir.

- Qarabağda korrupsiyaya bulaşmamış idarəetmə vasitələrinin yaradılmasından danışılır. Bunun həyata keçirilməsini necə görürsünüz?

- Cənab Prezident tərəfindən 2020-ci il oktyabr ayının 29-da işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili haqqında sərəncam imzalandı. Bunun özü göstərir ki, ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərin effektiv idarə olunmasını lap başlanğıcdan diqqət mərkəzində saxlayır və prezidentin nümayəndəliyi institutu da yaradıldı. Bildiyiniz kimi, ilk dəfə olaraq Prezidentin nümayəndəsi Şuşa şəhərinə təyin olundu. Bunun özü mühüm bir institusional islahatların başlanğıcıdır. Cənab Prezident tərəfindən korrupsiya hallarının qarşısının alınması istiqamətində israrlı addımlar atılır. Bu addımlar özündə həm kadr islahatlarını, həm də institusional islahatları ehtiva edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA