Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının ali qanunverici orqanı olan Milli Məclisə seçkilər ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə keçirilir və adıçəkilən bu dövlət qurumu 5 il ərzində fəaliyyət göstərməsi üçün formalaşır. Bundan əlavə, Milli Məclisə deputatlar majoritar seçki sistemi ilə seçilirlər və ali qanunverici orqanın tərkibi 125 nəfər deputatdan ibarət olur. Ölkəmizdə ən son parlament seçkiləri 01 noyabr 2015-ci il tarixdə keçirilmişdir və növbəti parlament seçkisi 2020-ci ilin noyabr ayında keçirilməli idi.
Onu da bildirək ki, bu il noyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası, onlardan olan deputatlara parlamentin buraxılması ilə bağlı təşəbbüs göstərməyi tövsiyə edən qərar qəbul etdi. Onlar bunu Prezidentin siyasi kursunu və apardığı islahatları dəstəkləmək məqsədilə, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə əsaslandırdılar. Yəni, həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillərin varlığı və s. kimi halları əsas tutaraq, qanunverici orqanda da müəyyən islahatların həyata keçirilməsinin zəruri olduğunu dilə gətirdilər. Milli Məclisin dekabrın 2-də keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərar qəbul olundu. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün, Azərbaycan Prezidentinə müraciət də olundu. Prezident parlamentin buraxılmasının Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanladı. Konstitusiya Məhkəməsinin Plenumu isə, 04 dekabrda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun olmasına dair qərar qəbul etdi. Belə bir prosedurlardan sonra ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 09 fevral 2020-ci il tarixdə keçirilməsi ilə bağlı Sərəncam imzaladı. Onu da vurğulayaq ki, Milli Məclisin buraxılmasına və növbədənkənar parlament seçkilərinin keçirilməsinə, bəzi siyasi qüvvələr və ictimaiyyətin fəal hissəsi müxtəlif prizmadan yanaşdılar.
O da hər kəsə bəllidir ki, yeni parlamentin nəticələri elan olunana qədər, əvvəlki parlament fəaliyyətini davam etdirəcək və heç bir halda nə qanun, nə də hər hansı qərarlar qəbul edə bilməyəcək. Hal-hazırda 125 seçki dairəsinin hər birində bəzi siyasi partiyaların, seçicilərin təşəbbüs qrupları və s. tərəfindən irəli sürülən namizədlər qeydiyyatdan keçməkdədirlər. Belə namizədlərdən biri də Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsində namizədliyi qeydə alınmış Məmmədov Məşhur Şahbaz oğludur. Bu şəxsin həyat və fəaliyyəti haqda az-çox məlumatlı olan hər kəs bilir ki, Məşhur Məmmədov xasiyyətcə sadə təbiətli bir insan olmaqla bərabər, heç bir halda haqqı-nahaqqa qurban verməyən, hər kəsin şərəf və ləyaqətinin müdafiə olunmasına çalışan, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bir şəxsdir. Belə bir səbəblər üzündəndir ki, o, bu günə kimi çoxsaylı xeyirxah addımlarını atmış, imkanı olmayan hər kəsə kömək əlini uzatmış, kasıbların qayğısına qalmış və onlara məxsus problemlərin həlli ilə məşğul olmuş, bir növ ümidini itirmiş insanlara arxa-dayaq olmuşdur. Xasiyyətcə quruculuğa meylli olan, təşkilatçılıq bacarığına görə əksəriyyətdən tamamilə fərqlənən, düşüncəsində və yanaşmasında ən ülvi dəyərləri özündə cəmləşdirən Məşhur Məmmədov, indiyə kimi çoxsaylı insanların rəğbət hissini qazandığından, məhz bu gün belə bir addımını atmaq qərarına gəlib. Bəli, bir neçə gün bundan öncə 70 saylı Masallı Şəhər Seçki Dairəsinin əhatə etdiyi ərazi hüdudunda olmağımız, sadalananları tam şəkildə təsdiq etdi. Bəlli olan o oldu ki, bu seçki dairəsinin ərazisində yaşayanların tam əksəriyyəti Məşhur Məmmədovu ən şanslı namizəd hesab etməklə bərabər, səsvermə günü ona səs verəcəklərini də bildirdilər. Belə bir yanaşmaların varlığı onu sübut edir ki, Azərbaycan Respublikasının Milli Məclisinə bu cür əqidə, bu cür əməl sahibi olan şəxslər seçilməlidir ki, xalqımızın, dövlətimizin taleyüklü məsələlərinin həllinə qısa zaman kəsiyində nail ola bilək. Düşünürük ki, indiyə kimi hər kəsin problemini özünün şəxsi problemi hesab edən, ona üz tutan bir kimsədən kömək əlini əsirgəməyən, bir sözlə əsl insanlıq borcunu şərəflə, vicdanla yerinə yetirən Məşhur Məmmədov, bu seçki marafonunda uğur qazanıb millət vəkili adına sahib olacaq.
Hazırladı Xəlil Yusifoğlu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.